PR yeni

Qurum, təşkilat və brendlərin hədəf auditoriyaları və maraqlı tərəflərlə münasibətlərini gücləndirən, qavrayışa, nüfuza və davranışa təsir göstərən strateji və yaradıcı kommunikasiya layihələri dəyərləndiriləcək. Layihələrdə ictimaiyyətlə əlaqələr strategiyasının yaradıcı ideya və icranın mərkəzində dayanması, əldə olunan kommunikasiya, nüfuz, sosial və ya biznes nəticələrinin aydın şəkildə göstərilməsi gözlənilir.

Müraciət edən agentliklər və markalar üçün qeydlər:

  • Layihələrin qiymətləndirilməsi zamanı istifadə olunan ölçmə üsulları, kampaniyadan sonrakı təhlillər, kəmiyyət və keyfiyyət göstəriciləri, eləcə də əldə olunan nəticələr nəzərə alınacaq.
  • Nəticələrin mümkün qədər müstəqil mənbələrlə təsdiqlənməsi gözlənilir.
  • Reklam ekvivalenti (AVE) təkbaşına uğur göstəricisi hesab edilməyəcək.
  • Müraciətlərdə PR strategiyasının layihənin uğurundakı rolu aydın şəkildə göstərilməlidir.
  • Bu bölməyə agentliklər və brendlər müraciət edə bilər.

PR01. Integrated PR Campaigns

Birdən çox ictimaiyyətlə əlaqələr üsulunu, kanalını və təmas nöqtəsini ortaq strategiya və yaradıcı ideya ətrafında birləşdirən inteqrasiya olunmuş PR kampaniyaları dəyərləndiriləcək. Qazanılmış, brendə məxsus, paylaşılan və ödənişli kanallardan birlikdə istifadə edən layihələr bu kateqoriyaya daxil ola bilər. Qiymətləndirmə zamanı PR strategiyasının bütövlüyü, fərqli icraların bir-birini necə dəstəkləməsi və əldə olunan nəticələr nəzərə alınacaq.


PR02. Corporate Communications & Reputation Management

Qurumun, təşkilatın və ya brendin reputasiyasını formalaşdırmaq, gücləndirmək və ya qorumaq, maraqlı tərəflərlə münasibətlərini inkişaf etdirmək məqsədilə həyata keçirilən korporativ kommunikasiya layihələri dəyərləndiriləcək. Korporativ reputasiya, rəhbər kommunikasiyası, əməkdaşlarla kommunikasiya və daxili kommunikasiya, işəgötürən brendi, korporativ dəyişiklik kommunikasiyası və maraqlı tərəflərlə kommunikasiya bu kateqoriyaya daxildir. Layihələrin hədəflənən qavrayışa və reputasiyaya təsirinin göstərilməsi gözlənilir.


PR03. Media Relations

Ənənəvi, rəqəmsal və ya sosial media ilə qurulan əlaqələrin PR strategiyasının mərkəzində dayandığı layihələr dəyərləndiriləcək. Xəbər dəyəri yaratmağı, redaksiya görünürlüğü qazanmağı və media vasitəsilə hədəf auditoriyasına və ya maraqlı tərəflərə təsir göstərməyi hədəfləyən layihələr bu kateqoriyaya daxildir. Qiymətləndirmə zamanı yalnız mediada görünürlüğün həcmi deyil, əldə olunan kontentin keyfiyyəti, mesajın düzgün çatdırılması və kommunikasiya məqsədlərinə verdiyi töhfə nəzərə alınacaq.


PR04. Launch & Re-launch

Qurumun, təşkilatın, brendin, məhsulun və ya xidmətin bazara və ya ictimaiyyətə təqdim edilməsi, yaxud yenidən mövqeləndirilməsi məqsədilə həyata keçirilən PR layihələri dəyərləndiriləcək. Layihələr yaradılan xəbər dəyəri, hədəf auditoriyası və maraqlı tərəflərlə qurulan kommunikasiya, istifadə olunan PR üsullarının yaradıcı yanaşması və təqdimat nəticəsində əldə olunan göstəricilər əsasında qiymətləndiriləcək.


PR05. Experiential PR & Events

PR strategiyasının bir hissəsi kimi yaradılmış tədbirlər, stantlar, canlı təcrübələr, təqdimat tədbirləri, festivallar, sərgilər, konfranslar, gerilla tətbiqləri və bənzər fiziki və ya rəqəmsal təcrübələr dəyərləndiriləcək. Tədbirin sadəcə keçirilməsi deyil, xəbər dəyəri yaratması, ictimai müzakirəyə səbəb olması və ya brendin, yaxud qurumun kommunikasiya məqsədlərinə əhəmiyyətli töhfə verməsi gözlənilir.


PR06. Influencer & Creator Relations

İnfluenserlərin, kontent yaradıcılarının, rəy liderlərinin və ya icma nümayəndələrinin PR strategiyasının bir hissəsi kimi yaradıcı şəkildə istifadə edildiyi layihələr dəyərləndiriləcək. Seçilmiş şəxs və ya icma ilə brend, mövzu və hədəf auditoriyası arasındakı əlaqə, əməkdaşlığın xəbər, müzakirə, etibar və ya ictimai dəstək yaratmaqdakı rolu, eləcə də əldə olunan nəticələr nəzərə alınacaq.


PR07. Purpose & Social Impact

Sosial, mədəni, etik və ya ekoloji məsələ ilə bağlı məlumatlılıq və iştirak yaratmağı, davranış dəyişikliyinə nail olmağı və ya konkret sosial təsir göstərməyi hədəfləyən PR layihələri dəyərləndiriləcək. Dövlət qurumları, qeyri-hökumət təşkilatları, sosial təşəbbüslər və ya brendlər tərəfindən, yaxud onların adından həyata keçirilən layihələr bu kateqoriyaya daxildir. İctimaiyyətlə əlaqələr strategiyasının ictimaiyyəti və maraqlı tərəfləri hərəkətə keçirməkdəki rolu və yaradılan təsir nəzərə alınacaq.


PR08. Real-Time & Responsive PR

Cari hadisələrə, mədəni məqamlara, ictimai gündəmə, sosial məsələlərə və ya gözlənilməz proseslərə sürətli və yaradıcı reaksiya verən PR layihələri dəyərləndiriləcək. Layihənin vaxtlaması, gündəmlə qurduğu mənalı əlaqə, brendin və ya təşkilatın müzakirəyə təbii şəkildə qoşulması və əldə olunan PR təsiri nəzərə alınacaq.


PR09. PR on a Budget

Bazarın və layihənin miqyası ilə müqayisədə məhdud büdcə və ya resurslarla güclü PR təsiri yaradan layihələr dəyərləndiriləcək. Layihələr resurslardan yaradıcı və strateji istifadə, əldə olunan qazanılmış media və ictimai təsir, eləcə də büdcəyə nisbətdə yaradılan nəticələr əsasında qiymətləndiriləcək.